Xidmət 06

Vergi mübahisələri və yoxlamalar üzrə hüquqi müdafiə

Yoxlama aktı, əlavə hesablama qərarı, hesablarınıza verilən sərəncam – hər biri öz sayğacı ilə gəlir və bu sayğaclar 30 günlə ölçülür. Vaxtında atılmayan addım sonradan yalnız müddətin bərpası ilə düzəlir, o da həmişə mümkün olmur.

Qısa cavab. Səyyar vergi yoxlamasının aktı ilə razı deyilsinizsə, akt sizə verildiyi gündən 30 gün ərzində vergi orqanına yazılı etiraz verməlisiniz. Kameral yoxlamada akt tərtib olunmur – nəticə birbaşa qərarla rəsmiləşir və etiraz mərhələsi olmur. Qərar çıxarıldıqdan sonra üç yol var: yuxarı vergi orqanına 3 ay, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə 30 gün, inzibati məhkəməyə 30 gün. Hesabınızdakı vəsaitin büdcəyə silinməsinin qarşısını isə yalnız məhkəməyə və ya İqtisadiyyat Nazirliyinə vaxtında verilən müraciət alır.

Hansı hallarda müraciət etməli

  • Kameral yoxlama üzrə izahat və ya sənəd tələbi gəlib – cavab verilməzsə, vergi orqanı məbləği özü müəyyən etmək hüququ qazanır.
  • Səyyar vergi yoxlaması təyin olunub – bildiriş azı 15 gün əvvəl gəlir və hazırlıq üçün real vaxt yalnız bu aralıqdır.
  • Yoxlama aktı təqdim olunub, hesablamalarla razı deyilsiniz – etiraz üçün 30 gününüz var və etiraz verildikdə materiallara sizin iştirakınızla baxılır.
  • Əlavə vergi, faiz və maliyyə sanksiyası hesablanıb – faiz gündə 0,1 faizdir, şikayətə baxılan müddətdə isə sanksiyanı ödəməmək hüququnuz var.
  • Bank hesablarına sərəncam verilib – borcun 105 faizi dondurulur və 30 təqvim günü keçdikdən sonra büdcəyə silinir.
  • Əmlakın siyahıya alınması və riskli vergi ödəyicisi statusu – siyahıya almanın ardıcıllığı qanunla müəyyəndir, pozulması mübahisələndirilir.

Vəziyyətiniz bu siyahıdadırsa, müddət artıq işləyir. İlkin qiymətləndirmə üçün vaxt seçin →

Hansı sayğac nə vaxt işə düşür

Hadisə Müddət Buraxılsa nə itirilir
Yoxlama aktı verildi 30 gün Etiraz vermək və materiallara baxışda iştirak hüququ
Qərar təqdim edildi 30 gün Məhkəmədə mübahisələndirmə
Hesaba dair bildiriş alındı 30 təqvim günü Vəsaitin büdcəyə silinməsinin qarşısını almaq
Hüququn pozulduğu bilindi 3 ay Yuxarı vergi orqanına inzibati şikayət

Üç aylıq müddət yalnız yuxarı vergi orqanına verilən şikayətə aiddir – məhkəmə və hesabın qorunması üçün sayğaclar daha qısadır və paralel işləyir. Nə inzibati şikayət, nə də məhkəmə iddiası aktın icrasını avtomatik dayandırır; dayandırma ayrıca vəsatətlə alınır. Şikayətə baxan vergi orqanının özü də icranı tam və ya qismən dayandıra bilər – bu, məhkəmədən daha sürətli və ucuz yoldur. Müddətlərin hüquqi əsasları və istisnalar bloq məqaləsində ətraflı izah olunub. Hesabınıza sərəncam verilibsə, nə etməli olduğunuzu ayrıca yazmışam.

İş prosesi

01 – İlkin qiymətləndirmə

Sənədlərə görüşdən əvvəl baxıram. Görüşdə hüquqi qiymətləndirmə, risklər və qalan müddətlər müzakirə olunur. 60 dəqiqə.

02 – Müddət və sənəd auditi

Aktın, qərarın və bildirişin təqdim tarixləri sənədlərlə müəyyən edilir, qalan və itirilmiş müddətlər hesablanır. Müddət buraxılıbsa, bərpa imkanı yoxlanılır. Aktda şikayət qaydası və müddəti göstərilməyibsə, daha uzun – 6 aylıq – müddət tətbiq oluna bilər; bu, ümidsiz görünən işlərdə real qapı açır.

03 – Etiraz və inzibati şikayət

Akta yazılı etiraz təsdiqedici sənədlərin surətləri ilə hazırlanır və materiallara baxışda iştirak təmin edilir. Qərar çıxarılıbsa, hansı inzibati yolun seçiləcəyi ikinci addımın nəticəsinə görə müəyyən olunur – bu seçim həm müddətə, həm hesabınızın taleyinə təsir edir.

04 – Məhkəmə və icranın dayandırılması

İnzibati məhkəməyə aktın ləğvi və ya dəyişdirilməsi tələbi ilə iddia qaldırılır və icranın dayandırılması barədə vəsatət verilir. Vəsatət rədd edilərsə, ayrıca şikayət verilir.

05 – Nəticənin icrası

Qərar qüvvəyə mindikdən sonra sərəncamların geri qaytarılması və artıq alınmış vəsaitin qaytarılması təmin edilir. Zərurət olduqda apellyasiya mərhələsi aparılır.

Qiymət

Vergi mübahisələrində ilkin qiymətləndirmə 300–500 AZN-dir və 60 dəqiqə çəkir: sənədlərinizə görüşdən əvvəl baxıram, görüşdə hüquqi qiymətləndirmə, risklər və qalan müddətlər müzakirə olunur, sonra rəy və təklif verilir. İşin qiyməti mübahisənin məbləğindən asılı olaraq fərdi müəyyən edilir.

Bu sahədə real nəticələrimiz

Məhkəmə qərarları və müştəri keis nümunələri

Real nəticələrə bax →

Tez-tez soruşulan suallar

Vergi yoxlaması aktı ilə razı deyiləmsə neçə gün vaxtım var? +

Səyyar vergi yoxlamasının aktı sizə verildiyi gündən 30 gün ərzində vergi orqanına yazılı etiraz verə bilərsiniz. Etiraza onu təsdiq edən sənədlərin surətlərini əlavə etmək hüququnuz var. Etiraz verildikdə yoxlama materiallarına sizin iştirakınızla baxılır. Kameral yoxlamada isə akt tərtib olunmur – nəticə birbaşa vergi orqanının qərarı ilə rəsmiləşir və 30 günlük etiraz mərhələsi ona şamil edilmir.

Vergi orqanının qərarından hara və hansı müddətdə şikayət edilir? +

Üç yol var. Yuxarı vergi orqanına – hüququnuzun pozulduğunu bildiyiniz və ya bilməli olduğunuz gündən 3 ay. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə – inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün. İnzibati məhkəməyə – aktın təqdim olunduğu vaxtdan 30 gün. İqtisadiyyat Nazirliyinə müraciət etsəniz, 30 günlük məhkəmə müddətinin axımı Nazirliyin qərarı sizə təqdim olunanadək dayandırılır. Yuxarı vergi orqanına verilən şikayət isə məhkəmə müddətini dayandırmır.

Əvvəlcə vergi orqanına şikayət vermədən birbaşa məhkəməyə müraciət edə bilərəmmi? +

Bəli. Yuxarı vergi orqanına şikayət məcburi ilkin mərhələ deyil – məhkəməyə eyni zamanda və ya sonradan müraciət etmək mümkündür. Seçim praktik nəticəyə görə edilir: hesabınızdakı vəsaitin büdcəyə silinməsinin qarşısını yalnız məhkəməyə və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilən müraciət alır. Yuxarı vergi orqanına verilən şikayət bu nəticəni vermir.

Bank hesablarıma həbs qoyulub – necə götürülür? +

Vergi orqanı borc məbləğinin 105 faizi həcmində vəsaitin dondurulması barədə banka sərəncam verir. Bildirişin alındığı tarixdən 30 təqvim günü ərzində məhkəməyə və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət edilmədikdə, vəsait büdcəyə alınır. Vaxtında müraciət edilibsə, sərəncam yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarına uyğun icra edilir – yəni vəsait dondurulur, silinmir. Bir neçə hesaba sərəncam verilib və məbləğ artıq bir hesabda dondurulubsa, digər sərəncamlar müraciət əsasında geri qaytarılır.

Növbəti addım

Müddət sizin əleyhinizə işləyir

Aktın və ya bildirişin tarixini bilirsinizsə, ilk görüşdə hansı müddətlərin qaldığını dəqiq deyə bilərəm. Sənədləri əvvəlcədən göndərin.

Qısa sualınız varsa WhatsApp-a yazın. Akt, qərar və ya bildiriş əlinizdədirsə, ödənişli ilkin qiymətləndirmədə sənədləri təhlil edir, qalan müddətləri və mümkün nəticələri təqdim edirəm.